Şənbə , 5 Oktyabr 2024
Ana səhifə / İran / Mayk Pens: “İranın regionda dağıdıcı nüfuzunun qarşısını alacağıq”

Mayk Pens: “İranın regionda dağıdıcı nüfuzunun qarşısını alacağıq”

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin müavini Mayk Pens aprelin 10-da Nyu-Yorkda jurnalistlərə açıqlamasında “Sepah”ın terrorçu qruplaşmalar siyahısına daxil edilməsindən və İranın bölgədə təxribat xarakterli nüfuzunu genişləndirmək cəhdindən danışıb.

Pens bildirib ki, Amerika öz azadlığı uğrunda dinc mübarizə aparan İran xalqının həmişə yanında olacaq: “Amerikanın “Sepah”ı terrorçu qruplar siyahısına daxil etməsi, prezident Donald Trampın İranın bölgəyə dağıdıcı nüfuzunun qarşısını almaq məqsədilə apardığı strategiyasının bir hissəsidir. “Sepah”ın terrorçu qruplar siyahısına salınması isə həmin həmin siyasətin bir parçasıdır. Bu arada, Amerika Birləşmiş Ştatları Trampın rəhbərliyi ilə İranın təxribat xarakterli regional nüfuzunun və onun bölgədə zorakılığa rəvac verməsinin qarşısını almaq üçün ərəb dünyasının dəstəyini də qazanıb.

Biz, keçmişdə olduğu kimi, bundan sonra da İran ayətullahlarının bölgədə genişləndirməyə çalışdığı bu dağıdıcı siyasətinin qarşısını alacağıq. Biz, həmçinin bu il azadlıq uğrunda küçələrə axışan və dinc etirazlarını bildirən İran xalqının yanında olacağıq” – deyə Mayk Pens əlavə edib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp aprelin 8-də bəyanat yayaraq, İran İnqilab Keşikçiləri Korpusunu (Sepah-ı) terrorçu təşkilatlar siyahısına daxil etdiyini rəsmən elan edib.

Bəyanatında deyilir: “Bu gün mən mühacirət və vətəndaşlıq məcəlləsinin 219-cu bəndini rəhbər tutaraq, hökumətimin “Sepah”ı və onun “Qüds” qanadını xarici terror təşkilatı kimi tanımaqla bağlı qərarını elan edirəm. Dövlət Departamentinin rəhbərliyi altında atılan bu misilsiz addım, İranın təkcə terrorizmi dəstəkləyən dövlət olduğunu deyil, eləcə də “Sepah”ın bir dövlət qurumu kimi terror aktlarında fəal iştirak etdiyini və terrorizmin yayılmasını maliyyələşdirdiyini göstərir. “Sepah”, İran rejiminin dünyada terrorizmi idarə və təbliğ etməsi və onu maliyyələşdirməsi üçün əsas alətlərdən biridir”.

Bildirilir ki, “Sepah”ın terrorçu qruplaşmalar siyahısına daxil edilməsinin təfərrüatları gələn həftə açıqlanacaq və bununla bağlı İrana qarşı əlavə sanksiyalar tətbiq ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir