Şənbə , 4 May 2024
Ana səhifə / Seçilmiş xəbərlər / Bu il türk dilinin tədrisi istiqamətində sınaq dərslərinə başlanılacaq – Şərqi Azərbaycan məktəblərində

Bu il türk dilinin tədrisi istiqamətində sınaq dərslərinə başlanılacaq – Şərqi Azərbaycan məktəblərində

Şərqi Azərbaycan Təhsil İdarəsinin rəisi yeni dərs ilində türk dilinin tədrisi istiqamətində sınaq dəsrlərinə başlanılacağını bildirib.

Bu barədə Cəfər Paşayi “İlna” xəbər agentliyinə danışıb.

“Bu il yeni dərs ilində Şərqi Azərbaycanın bəzi məktəblərində türk dilinin tədrisinə başlanılacaq və tələbələrə həftədə iki saat, dərs ili ərzində isə cəmi 60 saat türk dili dərsi tədris olunacaq.

Türk dili dərslərinin eksperimental tətbiqi təhsil nazirinin verdiyi sərəncama əsaslanır. Təhsil nazirinin əmrinə əsasən, ibtidai məktəbin dördüncü və orta məktəbin doqquzuncu siniflərində məktəblər üçün xüsusi proqram nəzərdə tutulub. Bu proqramların məzmunu və saatı əyalət məktəblərindən asılıdır. Biz bu saatlardan istifadə edərək türk dilinin tədrisi istiqamətində sınaq dərslərinə başlayacayıq.”- deyə Şərqi Azərbaycan Əyalətinin Təhsil İdarəsinin rəisi bildirib.

Cəfər Paşayi vurğulayıb ki, məktəblərdə türk dilinin tədrisi ilə bağlı xüsusi komitə yaradılıb. Komitə dərslərin zamanı, müəllimləri və tədris tərzi ilə bağlı Təhsil İdarəsinin şura mərkəzində müzakirələr aparacaq. Proses təkmilləşdikdən sonra layihənin icrasına başlanılacaq.

Qeyd edək ki, İranda yeni dərs ilinə bir aydan da az qalır. Təhsil İdarəsinin rəisi açıqlamayıb ki, bu layihə qısa bir müddətdə necə hazırlanıb və icra olunacaq.

İranda on milyonlarla Azərbaycan türkü ana dilində təhsil almaq, ölkə üzrə yayımlanan türk dilində televiziya və qəzet, eləcə də bir çox milli və mədəni hüquqdan məhrumdur. İran rejimi ölkədə xarici dillərin tədrisinə külli miqdarda vəsait xərclədiyi halda, məktəb və universitetlərdə türk dilinin tədris olunmasına icazə vermir. Bu məsələ uzun illərdir azərbaycanlıların kəskin etirazı ilə qarşılanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir